“Bank VTB Azərbaycan” ASC 2023-cü ilin I rübündə 2,9 milyon manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 1,9 dəfə azdır. Bank 2022-ci ilin ilk rübündə 5,4 milyon manat xalis mənfəət açıqlamışdı.

İqtisadiyyat.az bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 8% artaraq 6,8 mln. manat təşkil edib. Bankın faiz xərcləri 5,5% azalaraq 1,8 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 4,7 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 9,3% çoxdur. Bankın qeyri-faiz gəliri 3,7 dəfə və ya 3,9 mln. manat azalaraq 1,4 mln. manat, qeyri-faiz xərcləri isə 3,2% azalaraq 6,1 mln. manat təşkil edib. 2023-cü ilin I rübündən Rusiya bankının törəməsi cəmi 56 min manat əməliyyat mənfəəti əldə edib (Halbuki, ötən ilin ilk rübündə bank 3,4 mln. manat əməliyyat mənfəəti açıqlamışdı). Bank mümkün zərərlər üzrə ehtiyatları 2,85 milyon manat artırmaq hesabına xalis mənfəətini 2,9 milyon manata çatdırıb.

1 aprel 2022-ci il tarixinə bankın cəmi aktivləri 4,2% artaraq 248,1 milyon manata, o cümlədən kredit portfeli 6,5% böyüyərək146,04 milyon manata çatıb. “Bank VTB Azərbaycan”nın öhdəlikləri isə 3,8% artaraq 164,8 milyon manata, o cümlədən depozit portfeli 10,6% artaraq 104,9 milyon manata yüksəlib.

Bu dövrdə bankın cəmi kapitalı 3,8% artaraq 83,3 milyon manata bərabər olub.