Xəbər verdiyimiz kimi, Bakının yeni Baş planı hazırlanaraq hökumətə təqdim edilib. Yeni Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub. Paytaxtda tramvay xəttinin qurulacağı xəbəri isə cəmiyyətdə maraqla qarşılanıb. Ekspertlər bunun həm də yol hərəkətinin təşkilinə və tıxacların aradan qaldırılmasına müsbət töhfə verəcəyini düşünür.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında Azərbaycanda tramvay xətlərinin yaradılmasının real olduğunu və bu təcrübənin artıq mövcud olduğunu söyləyib.

Onun sözlərinə görə, tramvay xətlərinin yaradılması ictimai nəqliyyatın şaxələnməsinə gətirib çıxaracaq: "Bu gün ölkədə ictimai nəqliyyat metro və avtobuslardan ibarətdir və onların da vəziyyəti hər kəsə məlumdur. Həm alternativ kimi, həm də sərnişin daşınması üçün tramvayların olması vacibdir. Yaxşı olardı ki, rentabelli tramvay xətləri olsun. Bu, sadəcə turistlərin qarşısında şəkil çəkdirmələri üçün və yaxud da dekorativ xarakter daşıması üçün deyil, real ictimai nəqliyyat kimi çalışmalıdır".

Ekspert tramvay xətlərinin konkret olaraq hansı ərazilərdə çəkiləcəyinin Bakının yeni Baş planında öz əksini tapdığını vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bütün küçə və prospektlərdə deyil, nəqliyyatın hərəkətinə problem yaratmayan yerlərdə tramvay xətləri çəkilməlidir.

Bakının baş planında tramvaylarla bağlı məqamın öz əksini tapdığını xatırladan ekspert deyib ki, 2040-cı ilə qədər prosesin icrası nəzərdə tutulub: "Bu, o qədər də ağır bir proses deyil və onun reallaşması ictimai nəqliyyatın yükünə yalnız müsbət təsir göstərə bilər”.

E.Muradlı hesab edir ki, prosesə başlamazdan ən azı 5 il əvvəl artıq sürücü kontingentini yetişdirmək lazımdır: "Çünki bu gün avtobus sürücülərinə baxanda biz artıq problemin nə dərəcədə ciddi olduğunu görürük. Əvvəl sürücü avtobusu icarəyə götürüb işləyirdi və aylıq gəliri 1500 manatın üzərində olurdu. İndi isə avotobus sürücüləri çatışmır, 8 saatlıq iş rejiminə keçdikdən sonra onlar rəsmi maaşa işləməli olublar. Buna görə də sürücülərin əksəriyyəti artıq xarici ölkələrə üz tutublar. Gələcəkdə tramvay sürücülərini də yetişdirib onlara az maaş verdikdə bu işdən imtina etmək məcburiyyətində qalacaqlar. Yəni əsas məsələ prosesin fonuna nəzər yetirməkdir. Sonradan yaranmış problemlər də elə məhz fonda baş verir".

 

Sadiq Cavadov