Bakı Metropoliteni 2022-ci ilin sonlarında gətirilmiş 4 yeni qatardan sonuncusunu da sazlama və sınaq işlərindən sonra xəttə buraxıb. Hazırda metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarların sayı 23-ə, yaxud vaqonların sayı 115-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, metropolitendən verilən məlumata görə, hər biri 5 vaqondan ibarət qatarlar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib. Yeni xəttə buraxılmış 81-765 B./81-766 B. tipli qatar da əvvəlkilərdə olduğu kimi, mikroiqlim nəzarəti sistemi ilə təchiz olunub. Qatarlardakı kondisioner sistemi Bakının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istehsal olunub.

Vaqondan-vaqona birbaşa keçid sərnişinlərin qatar boyunca bərabər paylanması ilə yanaşı, sərnişin tutumunun artmasına da təsir edir.

Ümumilikdə bu qatarların baş vaqonları 315, orta vaqonları isə 329 sərnişin üçün nəzərdə tutulub. Bu isə bir qatarın sərnişin tutumunun 1617 sərnişin olması deməkdir. Onu da əlavə edək ki, baş vaqonlarda 38, orta vaqonlarda 44 nəfərlik oturacaqlarla təchiz olunub.

Baş vaqonlarda əlil arabası üçün yerlər, müxtəlif yüklər də nəzərə alınmaqla, çoxfunksiyalı zonalar nəzərdə tutulub. Təcrübə göstərir ki, qapıların daha enli olması sərnişinlərin vaqonlara daha rahat və sürətli minib-düşməsini təmin edir. Bununla bu qatarların sıxlıq şəraitində stansiyalarda yubanması xeyli azalır.

Yeni qatar “Həzi Aslanov - Dərnəgül” istiqamətində sərnişinlərə xidmət göstərir. Ümumilikdə, 23 yeni nəsil qatarından 3-ü “İçərişəhər - Həzi Aslanov”, 20-si “Dərnəgül - Həzi Aslanov” marşrutu üzrə hərəkət edir.