"Azlab Medical Supplies" tibb avadanlıqları şirkətində nöqsanlar aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin valyuta tənzimi qaydalarını pozduğu məlum olub.

Buna görə də Azərbaycan Mərkəzi Bankı "Azlab Medical Supplies"ə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Həmin maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Cərimə protokolu baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib və hakim Samir İsmayılovun icraatına verilib.

Qeyd edək ki, "Azlab Medical Supplies" tibb avadanlıqlar, tibbi sərf mallar və tibbi alətlərin satışı ilə məşğuldur. 2019-cu il dövlət qeydiyyatına alınan şirkətə Əziz və Zeynəb Rüstəmovlar rəhbərlik edir.