2022-ci ildə “Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri 108,4 milyon manata çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dövlət şirkətinin konsolidasiya edilmiş maliyyə hesabatında bildirilib. Bu isə 2021-ci ilə nisbətən 8,3% və ya 8,3 milyon manat çoxdur. 2021-ci ildə “Azəristiliktəchizat”ın yığılmış zərəri 100,13 milyon təşkil edib.

"Azəristiliktəchizat" mənfəət və zərər hesabatını dərc etməsə də, yığılmış zərərin artım həcmi onu deməyə əsas verir ki, dövlət şirkəti ötən ili eyni həcmdə, yəni 8,3 milyon manat xalis zərərlə başa vurub. Bu isə şirkətin cəmi kapitalını 91,9 milyon manatdan 83,9 milyon manata qədər azaldıb.

2021-ci illə müqayisədə 2022-ci ildə “Azəristiliktəchizat”ın cəmi aktivləri isə 2% artaraq 151,9 milyon manata yüksəlib. 2021-ci ilin sonunda bu rəqəm 148,8 milyon manata bərabər olub.

Hesabat dövründə, ASC-nin debitor borcları isə 20,4% və ya 1,75 milyon manat artaraq 10,6 milyon manata yüksəlib.

Xatırladaq ki, “Azəristiliktəchizat” ASC 2005-ildə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb. Dövlət şirkətinin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.