Tanınmış tikinti şirkəti olan "Bosson" MMC məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, şirkətə əmək qanunvericiliyini pozması ilə bağlı cərimə protokolu tərtib edilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilən protokola Nəriman Rayon Məhkəməsində baxılacaq.

Sözügedən maddədə deyilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “BOSSON” MMC  tikinti, inşaat, daşınmaz əmlak və dizayn sahələrində bir sıra fəaliyyətlər həyata keçirən şirkətdir. Şirkət 1995-ci ildən fəaliyyət göstərir. Onun qanuni təmsilçisi Nəcəfov Zaur Oqtay oğludur.