2023/2024 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq topların adları müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, PFL və klublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şırkətinin təsis etdiyi 2022 FIFA Dünya Çempionatının rəsmi topu olan “Al Rihla”dan yararlanacaqlar. Bu top Dünya Çempionatı tarixində ekoloji cəhətdən təmiz – su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudur.

Topun xüsusiyyətləri:

CRT-CORE – topun maksimal forma və havasaxlama, zərbə anında yayınma olmayan özəlliklərinə malik, həmçinin hərəkətlərin cəld və dəqiq olması üçün sürəti, dəqiqliyi və sabitliyi təmin edən özəyidir.

SPEEDSHELL — makro və mikro teksturalar, həmçinin səthin basmanaxışlı (basılmış, sıxılmış) olması sayəsində topun uçuş trayektoriyasının dəqiqliyini, stabilliyini, həmçinin yayınmaları yaxşılaşdıran astar.

1-ci və 2-ci liqalarda çıxış edən klubların istifadəsinə isə başqa toplar təqdim olunacaq. Bu komandaların üzvləri Adidas Tiro Pro-nu “qovacaqlar”. Adidas Tiro Pro futbol topu ən yüksək FIFA reytinqli ənənəvi 32 lövhəli dizayna malikdir. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.