Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətlərində dəyişiklik olub.

İqtisadiyyat.az  xəbər verir ki, “Transfermarkt” 2023-24 mövsümü öncəsi oyunçuların dəyərlərində yenilik edib.

Hazırda Premyer Liqanın ən dəyərli futbolçusu Emin Mahmudovdur. “Neftçi”də qalan kapitan 1,4 milyon avroya bərabər göstərilib. Onu 1 milyonla “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia izləyir. Ümumiyyətlə, yeni transferlər də daxil olmaqla, hazırda Premyer Liqamızda cəmi iki oyunçu 1 milyon avroluq transfer qiymətinə çata bilib.

Yalnız elitaya yenidən qayıdan “Araz-Naxçıvan”la bağlı araşdırma aparılmayıb. Naxçıvan təmsilçisini nəzərə almasaq, Premyer Liqanın 9 iştirakçısının futbolçularının ümumi dəyəri 59 milyon 200 min avrodur.

Premyer Liqa klublarının ən dəyərli oyunçusu aşağıdakılardır:

Emin Mahmudov (“Neftçi”) – 1,4 milyon avro

Yassin Benzia (“Qarabağ”) – 1 milyon

Coy Lens Mikels (“Sabah”) – 900 min

Rəhim Sadıxov (“Zirə”) – 700 min

Martin Petkov (“Turan Tovuz”) – 500 min

Fares Abu Akel (“Qəbələ”) – 500 min

Vüqar Mustafayev (“Sumqayıt”) – 450 min

Abdullahi Şuaybu (“Kəpəz”) – 400 min

David Qomis (“Səbail”) – 350 min