UEFA 2023-2024 mövsümündə Çempionlar Liqası, Avropa Liqası və Avropa Konfrans Liqasında paylayacağı pul mükafatlarının məbləğini açıqlayıb.

İqtisadiyyat .az-ın məlumatına görə, ən yüksək ödəniş Çempionlar Liqasında iştirak edən komandalara veriləcək. Bu turnirdə qrup mərhələsinə vəsiqə qazanacaq hər klub 15,64 milyon avro mükafat alacaq.

Komandalar qrupdakı hər qələbəyə görə 2,8 milyon avro, heç-heçəyə isə 930 min avro qazanacaq. Sözügedən turnirdə ölkəmizi “Qarabağ” təmsil edir. Ağdam təmsilçisi turnirə I təsnifat mərhələsindən başlayacaq. 

Cari mövsüm Azərbaycanın heç bir klubunun yer almadığı Avropa Liqasının qruplarına qatılım isə 3,63 milyon avro olaraq bəlirlənib. Komandalara qrupdakı qalibiyyətlərə görə 630 min, heç-heçəyə isə 210 min avro veriləcək.

Ölkəmizin 3 klubunun iştitrak etdiyi UEFA Konfrans Liqasında isə qruplara yüksələn komanda 2,94 milyon avro büdcəsinə qoyacaq. Buradakı hər qələbəyə 500 min, bərabərliyə isə 166 min avro ödəniləcək.

Xatırladaq ki, “Sabah”, “Qəbələ” və “Neftçi” cari mövsüm ölkəmizi KL-də təmsil edəcəklər.