Bu ilin birinci yarısında Azərbaycanın ümumi qeyri-neft ixracatının 31.1 faizi Rusiyanın, 28.9 faizi isə Türkiyənin payına düşüb. Bu tərəfdaşlıqda ilk beşliyi Gürcüstan (10,2 faiz), İsveçrə (3,9 faiz) və Qazaxıstan (3,3 faiz) tutub. Eyni zamanda sözügedən müddətdə qeyri-neft və qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1 milyard 773 milyon dollara çatıb. Bu il neftdən kənar ixracatın 3.5 milyard dollara yaxınlaşacağı gözlənilir. 

 

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, ixracatla bağlı vəziyyət qənaətbəxş olsa da, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinə ehtiyac var:

"Azərbaycanın qeyri-neft ixracında Türkiyə və Rusiya həmişə ilk üçlükdə olub. İxracatda hansı ölkənin öndə olması bizim üçün maraqlı olmalı deyil. Əsas budur ki, ixracat rəqəmləri yüksək olsun. Azərbaycan qeyri-neft ixracının artmasına daha çox diqqət ayırmalıdır. Əlbəttə ki, siyasi münasibətlərimiz yaxşı olan ölkələrə ixracın daha çox olması arzuolunandır. Çünki bu zaman hansısa manipulyasiyalara imkan yaranmır. 

Bu il neftdən kənar ixracatın 3.5 milyard dollara yaxınlaşacağı ilə bağlı proqnoza gəlincə, bu, reallığı əks etdirir. İlin ilk yarısının statistik məlumatları bu reallığa əsas verir. Ümumilikdə qonşu ölkələrlə müqayisədə 3.5 milyard dollar çox kiçik rəqəmdir. Fikrimcə, hökumət qarşıdakı dövrdə ixracatı bir neçə dəfə artırmalıdır. Çünki ixracatsız iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı mümkünsüzdür". 

Gülşən Şərif