Azərbaycan cüdoçuları Çexiyada təlim düşərgəsində iştirak edir

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan cüdoçuları 13-18 mart tarixlərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Çexiyanın Nymburk şəhərində keçirilən cüdo üzrə Olimpiya təlim düşərgəsində iştirak edir. 

Təlim-məşq toplanışına 43 ölkədən 488 idmançı qatılıb. Hazırlıq prosesində Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 17 üzvü, qadınlardan ibarət milli yığma komandasının isə 10 üzvü iştirak edir.

Cüdoçulara performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.

Təlim-məşq toplanışı may ayında Qatarın paytaxtı Dohada baş tutacaq Dünya çempionatına, həmçinin qarşıdan gələn iri miqyaslı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.