Bu ilin sonuna qədər proqnozlaşdırılan elektrik enerjisi istehsalının həcmi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib.

"20 il ərzində generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edildi. Belə ki, hazırda ümumi gücü 29 256.5 MVA olan 110-500 kV-luq 368 yarımstansiya istismardadır. Həmçinin Gürcüstan, Rusiya, İran və Türkiyə ilə enerji sistemlərinin əlaqələndirilməsi sayəsində elektrik enerjisi mübadiləsi və ticarəti həyata keçirilir. Bütün bunların nəticəsi olaraq ölkəmizdə elektrik enerjisinin istehsalı 2003-cü illə müqayisədə 37 faiz artaraq ötən il 29004.3 mln. kVt•st oldu. Son 20 ildə elektrik enerjisinin idxalı 17 dəfə azaldı, ixracı isə 3 dəfədən çox artdı. Elektrik enerjisinin ixracı 2022-ci ildə 2997.5 mln. kVt•st olub ki, bu da 2003-cü illə müqayisədə 2126.8 mln. kVt•st çoxdur. Həmçinin idxal 2003-cü ildəki 2436.3 mln. kVt•st-lıq göstəricidən ötən il 137.2 mln. kVt•st-a qədər azaldı. 2023-cü ilin sonuna 29 mlrd. kVt•st-dan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır", - nazir bildirib.