Azərbaycan vizasının avropalı turistlərə baha təklif olunması turizmin inkişafına hansı təsirləri göstərir?

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, bu ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərəcək: “2 illik çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları təklif edilir. Bu turizmin inkişafının prioritet olduğu bir dövrdə çoxdəfəlik giriş vizası üçün izah edilməsi çətin olan məbləğdir. Avropa Birliyinin 26 ölkəsinə çoxdəfəlik giriş imkanı verən 5 illik vizanı pulsuz aldığım halda, biz müddəti 2.5 dəfə az olan Azərbaycan vizasını Avropa ölkəsi vətəndaşına 350 dollara təklif edirik. Bu təbii ki, turizmin inkişafına birbaşa əngəldir. DSX-nin məlumatına əsasən bu ilin birinci rübündə ölkəmizə 610,8 min turist gəlib və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz azdır. Göründüyü kimi, bu il ölkəyə gələn turistlərin sayında azalma var. Aprel ayında isə cəmi 0.1 faiz artım olub. Belə olan halda, yüksək rüsumların təklif edilməsinin iqtisadi əsaslarının izah olunması mümkün deyil. Bu rüsumdan dövlət büdcəsinin də ciddi qazancı olmayacaq. Əksinə ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərəcək”.

Mövzu ilə bağlı İqtisadiyyat.Az-a açıqlama verən turizm eksperti Ruslan Quliyev isə qeyd olunan qiymətin ölkə turizminə mənfi təsir göstərməyəcəyini bildirib:

“2012-ci ildən başlayaraq həyata keçirilən viza sadələşdirilməsi ölkəyə gələn turistlərin sayında artıma səbəb oldu. 2016-cı ildə silsilə fərmanlar, asan vizanın sadələşdirilməsi, hava limanının rəsmiləşdirilməsi nəticəsində bu ilin yanvar-aprel aylarında ölkəyə 1 milyona yaxın turist gəldi. Bir turist Azərbaycana ildə 1-2 dəfə gələcəksə vizanı çox qısa bir zamanda 24-25 dollara alır. Bu ayın sonları Bakıda keçiriləcək final oyununa gələnlər də 24 saniyəyə bu vizanı ala bilirlər. Hətta ekspress vizalar da 3 saat ərzində alınır. Digər tərəfdən hər bir ölkənin siyasəti var və beynəlxalq konversiyalar da əsas götürülür. Avropanın özü viza almaq üçün elə tətbiqlər həyata keçirir ki, heç ümumiyyətlə gündəmə çıxarılası deyil. Mən düşünürəm ki, Avropa vətəndaşlarına ölkəmizə girişi üçün vizanın 350 dollara təklif edilməsi, turist gəlmələrinə heç bir ciddi təsir göstərməyəcək”.

 

Mehman Nəbiyev