Avropa Rusiya-Ukrayna müharibəsinin kölgəsində növbəti dəfə qışa hazırlaşır.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, Rusiyadan təbii qaz idxalını azaldan Avropa, anbarlarını alternativ təchizatçılar vasitəsilə doldurmağa üstünlük verib.

Müharibə başlayandan sonra qış mövsümü Avropa üçün çətin keçməyə başlayıb. Anbarlarının 90 faizi dolu olsa da, bu qış Avropada enerji böhranı yaşana biləcəyi ilə bağlı narahatlıq var.

İldə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edən Avropa İttifaqı ölkələrinin 110 milyard kubmetrə qədər təbii qaz anbarı tutumu var. Bu qış üçün anbarlarda doluluq səviyyəsi isə 90%-dən çoxdur. Yəni hazırkı ehtiyatlar qitənin bütün qış ehtiyaclarını ödəyəcək səviyyədə deyil.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson qitənin enerji təhlükəsizliyinin ötən illə müqayisədə daha stabil vəziyyətdə olduğunu bildirib. Bununla belə, o qeyd edib ki, qaz bazarında vəziyyət son həftələrdə həssas olaraq qalır.

Bu çərçivədə mövsümi normallardan daha soyuq hava şəraiti, artan istehlak və beynəlxalq bazarlardakı inkişaflar böhrana səbəb ola biləcək amillər kimi önə çıxır.

Bundan əlavə, son 10 ildə artmaqda davam edən təbii qaz qiymətləri daha da arta bilər.

 

Gözəl Həşimova