Bu ilin birinci yarısında Azərbaycanın idxal etdiyi məhsulların dəyərində kəskin artım müşahidə olunub. Belə ki, bu müddətdə 14 milyard 755 milyon dollarlıq ticarət dövriyyəsinin 35.7 faizini idxal təşkil edib. 2022-ci ilin ilk yarısında ümumi idxalımız 6 milyard 357 milyon dollar olub. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında ötən ilin uyğun dövrü ilə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb.

 

 

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, tələbatın artması ölkəmizdə istehsal olunmayan mallara tələbi də artır. Bu isə idxalın həcminin artmasına səbəb olur:

"Bu gün dünyanın bir çox ölkələrində məhsulların qiymətində bahalaşma var. Buna səbəb inflyasiyanın hələ də davam etməsidir. Əvvəllər idxal olunan məhsulların həcmi dəyişməsə də, maya dəyərində ciddi fərq hiss olunmurdu. Lakin hazırkı şəraitdə vəziyyət fərqlidir. Məhsulun həcmi dəyişməz olaraq qalsa da, maya dəyəri artır. Qeyd edim ki, idxal olunan bəzi məhsulların ölkədə istehsal olunması heç də məqsədəuyğun deyil. Çünki bu məhsullara tələbat kütləvi səviyyədə deyil və istehsalı effektiv nəticə verməyə bilər.

Bütün hallarda ölkə başçısı İlham Əliyev iqtisadi proqramın əsas hədəfi kimi Azərbaycanın mümkün qədər xarici ölkələrdən asılılığının azaldılması və iqtisadi müstəqilliyin əldə olunması ilə bağlı çağırışlar edib. Ölkədə iqtisadi proses bu istiqamət üzrə davam edir. Ümid edirəm ki, qısa müddət ərzində ölkəmiz idxal olunan məhsulların həcmini azaldacaq". 

Gülşən Şərif