"Arsenal" "Vest Hem Yunayted"in 24 yaşlı ingilis yarımmüdafiəçisi Deklan Raysı 100 milyon funt-sterlinq qarşılığında transfer etməyə hazırlaşır.

İqtisadiyyat.az "The Guardian"a istinadən xəbər verir ki "Arsenal" "Vest Hem Yunayted"in futbolçusu Deklan Raysı transfer etməklə klub rekordunu qıracaq. "Topçular" 2019-cu ildə Nikolas Pepeyə 72 milyon funt sterlinq ödəməklə klubun rekordunu qırıb.

 "Arsenal"ın baş məşqçisi Mikel Arteta çox heyran olduğu və Premyer Liqada çempionluğa böyük töhfə verəcəyinə inandığı Deklan Raysı transfer edərək, "Bavariya" "Çelsi", "Nyukasl Yunayted" və "Mançester Yunayted" kimi nəhəng klubları qabaqlamış olacaq.

 Deklan Raysa əvəzləyici axtarışında olan “Vest Hem” “Ayaks”dan Edson Alvares, “Fulhem”dən Joao Palhinha və “Sauthempton”dan Ceyms Uord-Prouzla maraqlanır.

 Bu mövsüm "Vest Hem Yunayted"in heyətində Premyer Liqada 37 matça çıxan Deklan Rays 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

 Deklan Rays bu mövsüm “Vest Hem Yunayted”lə də UEFA Konfrans Liqasının qalibi olub.