"Fənərbağça"dan "Real Madrid"ə yollanan Arda Gülərin İspaniyada qazanacağı illik maaşı bəlli olub. Arda La Liqa nəhəngindən "Fənərbağça"da qazandığının düz 23 qatını alacaq.

"Real Madrid"də yeni mövsümün hazırlıqları başlayarkən baş məşqçi Karlo Ançelotti iki yeni transferin çıxışına valeh olub.

İqtisadiyyat.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Milan"da 3 illik icarə müddətindən sonra komandaya qatılan Brahim Diaz və "Fənərbağça"nın transferi Arda Gülər "Real Madrid"in yeni başlayan 2023-24 mövsümü hazırlıqlarında ən diqqət çəkən futbolçuları olub.

ABŞ mətbuatına müsahibə verən "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti sistemi dəyişəcəyini açıqlayıb. İtaliyalı çalışdırıcı “Heyətimizdə 3-4 gənc ulduz var. Yarımmüdafiə seçimlərimiz artıb. Bu mövsüm sistemimi dəyişməliyəm” deyib.

“Fənərbağça”dan 30 milyon avroluq transfer qarşılığında "Real Madrid"ə keçən Arda Gülər Türkiyə futbol tarixinin ən bahalı satışı olub. Gənc ulduzun maaşı ilə bağlı  maraqlı iddia irəli sürülüb. Bildirilib ki, Arda Gülərin illik maaşı bonuslar nəzərə alınmadan 8 milyon avrodur.

İspaniya mətbuatında gedən xəbərə görə "Fənərbağça"da illik 350 min avro qazanan Arda Gülər "Real Madrid"də bonuslar xaric 8 milyon avro qazanacaq. "Real Madrid"in məşqindəki performansı ilə baş məşqçi Ançelottinin diqqətini çəkən Arda Gülər oyuna baxışı və intellekti ilə fərqlənir.