Fransız ulduz Qrizmanın Lionel Messinin MLS-ə transferindən təsirləndiyi görünür.

Messi MLS komandası İnter Mayamiyə keçəcəyini açıqladıqdan sonra Qrizman ABŞ-a transfer olmaq istədiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, İkili bir müddət "Barselona"da birlikdə oynayıblar və Qrizman hələ də Avropada oynamaq istədiyini, gələcəkdə isə Amerikada oynaya biləcəyini bildirib.

Mətbuat konfransında mümkün MLS transferi ilə bağlı suala 32 yaşlı futbolçu "Bu mənim arzumdur" deyərək cavablayıb.

"Ora gedəndə mümkün olan ən yaxşı şəraiti istəyirəm, amma bu, şübhəsiz ki, gələcəkdə mənim üçün gerçəkləşdirmək istədiyim bir xəyaldır".

2018-ci ildə Dünya Kubokunu qazanan fransalı ulduz "Atletiko Madrid" ilə ötən mövsümdən həzz alıb.

O, La Liqada 15 qol vuraraq komandasının liqada üçüncü yeri tutmasına kömək edib.

Qrizman hazırda Fransa millisinin bazar ertəsi Yunanıstana qarşı oynayacağı Avro-2024-ün seçmə mərhələsinə hazırlaşır.