Azərbaycan Mərkəzi Bankı (AMB) "Harmony İndustrial Construction and Engineering Group" MMC-yə cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, ABM tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Vüsal Qurbanovun icraatına verilib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Harmony İndustrial Construction and Engineering Group" 2005-ci ildə dövlət qeydiyyatına alınıb. 165010 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur. Şirkət "Azərişıq" ASC-nin milyonlarla dəyərində tenderlərinin mütəmadi olaraq qalibi olub.