"Mən Berlinin Ukraynaya kaset sursatlarının tədarükü məsələsində Vaşinqtona mane olmamalı olduğunu düşünürəm".

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib.

"Bu cür sursatların Almaniyada federal hökumət tərəfindən qadağan edilməsi və almanların bu cür tədarüklərə qarşı olması düzgündür. Ancaq indiki vəziyyətdə Almaniya hökuməti ABŞ-yə mane olmamalıdır", - alman lider ZDF telekanalına müsahibəsində bildirib.

Bununla belə, o qeyd edib ki, hələ 2008-ci ildə Almaniyanın xarici işlər naziri olarkən Osloda kaset bombalarını qadağan edən beynəlxalq konvensiyaya imza atıb.

Qeyd edək ki, iyulun 7-də ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Birləşmiş Millətlər Təşkilatının bu cür sursatlardan istifadəyə qarşı çıxmasına baxmayaraq, Birləşmiş Ştatların Ukraynaya kasetli sursat göndərmək qərarına gəldiyini bildirib. O, həmçinin bildirib ki, Kiyev Vaşinqtona bu silahların mülki şəxslər üçün riskləri minimuma endirəcək şəkildə istifadə ediləcəyinə dair yazılı təminat verib. 

Pentaqonun sözçüsü Patrick Ryder cümə axşamı bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya mülki şəxslər üçün ən az risk yaradan kaset sursatları verməyə hazırdır.