"Fevralın 1-də keçiriləcək sammitdə Aİ-nin 27 ölkəsi növbəti dörd il üçün 50 milyard avroluq dəstək proqramının təsdiqi ilə bağlı razılığa gələ bilməsə, Avropa Komissiyası (AK) Ukraynaya alternativ yardım layihəsi hazırlayacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AK prezidenti Ursula fon der Leyen Belçikanın Baş naziri Aleksandr De Kroo ilə birgə mətbuat konfransında bildirib.

"Əlbəttə, əsas prioritet Avropa İttifaqının (Aİ) 27 ölkəsinin hamısının razılığa gəlməsidir, lakin biz artıq başqa cür istifadə oluna biləcək əməliyyat həlləri üzərində işləyirik. Milad bayramından əvvəl biz Ukraynaya 1,5 milyard avro köçürdük. 2023-cü il üçün 18 milyard avro məbləğində proqramımız var idi. Deməli, Kiyevin bu ilin əvvəli üçün vəsaiti var və bu, həll yolu tapmaqda bizə bir az sərbəstlik verir", - deyə fon der Leyen bildirib.

O, alternativ proqramın təfərrüatlarını açıqlamayıb. Leyen həmçinin 2024-cü ildə Aİ-nin Kiyevə maliyyə yardımının nə qədər tez göndəriləcəyi ilə bağlı birbaşa suala cavab verməyib. Eyni zamanda Belçikanın baş naziri əmin olduğunu bildirib ki, Aİ sammiti iştirakçıları Kiyevə yardım proqramı üzrə razılığa gələ biləcəklər.

Qeyd edək ki, 2023-cü ilin dekabrında keçirilən sammitdə Aİ ölkələri dörd il ərzində Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı proqramını qəbul edə bilmədi. Bu pulun 33 milyard avrosunun kredit, 17 milyard avronun isə qrant şəklində ayrılması nəzərdə tutulurdu. Bu proqramı həyata keçirmək üçün Avropa Komissiyası tarixdə ilk dəfə olaraq Aİ ölkələrindən icma büdcəsinə əlavə töhfələr vermələrini xahiş edib.