Avropa İttifaqı (Aİ) Komissiyası üzv dövlətlərin, Aİ və Avropa Atom Enerjisi Birliyinin (Euratom) Enerji Xartiyası Sazişindən razılaşdırılmış şəkildə çıxmasını ehtiva edən təklifini açıqlayıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, müqavilənin qəbul edildiyi vaxtdan bu yana dəyişmədiyi xatırladılan bəyanatda, razılaşmanın hazırda Avropa Yaşıl Sazişi və Paris Razılaşması çərçivəsində Aİ-nin yüksək iqlim hədəfinə uyğun olmadığı bildirilib.

Bəyanatda Aİ daxilində investorlara bərabər münasibətin təmin edilməsi üçün koordinasiyalı və nizamlı şəkildə xartiyadan çıxmağın vacibliyi vurğulanıb.

Qeyd edək ki, enerji sektorunda transsərhəd investisiyaları qorumaq üçün 1994-cü ildə imzalanmış Enerji Xartiyası Müqaviləsi 1998-ci ildə qüvvəyə minmişdir.

Saziş enerji sektorunda, o cümlədən qalıq yanacaqlarda xarici investorlara geniş hüquqlar və hüquqi aydınlıq təmin edir.

Hazırda 50 ölkə, Aİ və Euratom tərəfindən ratifikasiya edilən saziş son vaxtlar intensiv müzakirə olunur.

Əvvəlcə sektora sərmayələri dəstəkləmək üçün hazırlanmış müqavilə, enerji şirkətlərinin investisiyalarına zərər verən siyasi qərarlarına görə ölkələri məhkəməyə verməsinə hüquqi baza yaradır.