Müharibə hərbi xərclərdən tutmuş bərpa xərclərinə qədər Rusiya və Ukrayna iqtisadiyyatları üçün böyük xərclər yaradıb. 500 gündür davam edən Rusiya-Ukrayna müharibəsi əmtəə qiymətlərinin dəyişməsi səbəbilə həm bu iki ölkəyə, həm də digər ölkələrə ciddi iqtisadi təsir göstərib.

Bu barədə İqtisadiyyat.az “Anadolu Agentliyinə” istinadən xəbər verir.

Rusiya

Müharibə başlayandan bəri Rusiya Mərkəzi Bankının 300 milyard avro (326,6 milyard dollar) dəyərində ehtiyatları Avropa İttifaqı, “G7” ölkələri və Avstraliya tərəfindən bloklanıb.

Avropa Şurasının son hesabatına görə, Rusiya bank sisteminin aktivlərinin 70%-i, 1500-dən çox insan və təşkilatın 20 milyard avroluq aktivi Qərb ölkələrinin sanksiyalarına məruz qalıb.

Şura bildirib ki, ötən ilin birinci yarısında enerji qiymətlərinin artması Rusiya üçün müsbət olub. Lakin neft idxalını hədəf alan sanksiyalar ölkənin gəlirlərinin məhdudlaşması ilə nəticələnib. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, Rusiyanın neft gəlirləri bu ilin fevral ayında 40%-dən çox azalıb.

Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq qurumların məlumatları göstərir ki, Rusiya iqtisadiyyatı ötən il 2,1% kiçilib.

Ölkənin milli müdafiə büdcəsinin ÜDM-dəki payı bu il 3,6%-dən 4,4%-ə yüksəlib. 2023-cü il üçün milli müdafiə büdcəsi isə 4,98 trilyon rubl (54,7 milyard dollar) olaraq açıqlanıb.

Ukrayna

Ötən il Ukrayna iqtisadiyyatı illik bazda 29,1% kiçilib. Halbuki, ölkə iqtisadiyyatı 2021-ci ildə 3,4% böyüyüb.

Eyni zamanda, Ukraynada yoxsulluq səviyyəsi ötən il 5,5%-dən 24,2%-ə yüksəlib. Müharibə dövründə 7,1 milyondan çox insan yoxsulluqla üzləşib.

Turizm, istehsal, kənd təsərrüfatı, energetika və nəqliyyat kimi bir sıra sektorlara zərbə vuran müharibə nəticəsində ölkə iqtisadiyyatında çətinliklər yaşanır.

Dünya Bankının hesabatına görə, Ukraynanın səhiyyə, təhsil və sosial müdafiə xidmətlərinə dəyən zərər 83 milyard dollar təşkil edib. Və bu üç sektorda yenidənqurma və bərpa ehtiyacları təxminən 69 milyard dollar olaraq qiymətləndirilir.

Bank hesab edir ki, ölkənin bərpası və yenidən qurulması üçün 400 milyard dollardan çox vəsait lazımdır.

BMT-nin hesablamalarına görə, yaxın aylarda 4 milyondan çox ukraynalı qaçqının qonşu ölkələrdə müdafiə və yardıma ehtiyacı ola bilər.

Eyni zamanda, Ukraynanın hərbi xərcləri 2022-ci ildə 7,4 dəfə artaraq 44 milyard dollar təşkil edib ki, bu da ölkənin ÜDM-nin 34%-ni təşkil edir.