Ukraynanın şərqində kiçik bir sənaye şəhəri olan Baxmut yeddi aydan uzun müddətdir ki, Rusiya qüvvələrinin hədəfi halındadır. Şəhər merinin köməkçisi Oleksandr Marçenkoya görə, şəhərdə sadəcə bir neçə min insan qalıb. Onlar da yer altındakı sığınacaqlarda, qaz və su təminatı olmadan yaşayırlar. “Şəhər demək olar ki, yerlə bir olub. Döyüşlərdən zərər görməmiş bir dənə də bina yoxdur” - deyə, Marçenko bildirib.

Bəs Rusiya və Ukrayna qüvvələri niyə yerlə bir olmuş bu kiçik şəhər ətrafında sərt döyüşləri hələ də davam etdirirlər? Şəhər hər iki tərəf üçün niyə bu qədər önəmlidir?

Hərbi analitiklər Baxmutun strateji əhəmiyyətinin çox az olduğunu deyirlər. Baxmut bir qarnizon şəhəri olmadığı kimi, bir nəqliyyat qovşağı və ya böyük nüfuzu olan şəhər də deyil. Burada müharibədən öncə 70 minə yaxın insan yaşayırdı. Şəhər ən çox duz və gips daşı, həmçinin şərab istehsal sexləri ilə tanınırdı. Şəhərin müəyyən coğrafi əhəmiyyətinin də olmadığı qeyd edilir.

Ruslar üçün şəhərin əhəmiyyəti bir neçə baxımdan önəmlidir.

Rusiya bu şəhəri ələ keçirmək üçün böyük miqdarda hərbi qaynaqlarından istifadə edir. Qərb mütəxəssisləri bu günə qədər Baxmutda 20-30 min arası rus əsgərinin öldüyünü və yaralandığını bildirirlər. Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri S.Kuzan Baxmutdakı döyüşlərlə bağlı deyir:

“Yüz faiz hərbi yox, siyasi bir missiya üçün döyüşürlər. Ruslar siyasi hədəflərinə çata bilmək üçün minlərlə insanın həyatını fəda etməyə davam edəcəklər”.

Kremlin simvolik bir zəfərə ehtiyacı var. Belə ki, Rusiyanın son zəfərinin üzərindən xeyli vaxt keçib – son dəfə ruslar yayda Severodonetsk və Lisiçansk şəhərlərini ələ keçirmişdi. Buna görə də, Rusiya daxili auditoriya üçün, ordudakı əhvalı yüksək tutmaq naminə zəfərə ehtiyac duyur.

Həmçinin İngiltərə Müdafiə Nazirliyindən dekabr ayında bildirilmişdi ki, Baxmutun ələ keçirilməsi Rusiyanın Kramatorsk və Sloviansk kimi daha böyük əraziləri təhdid etməsinə şərait yaradacaq.

Rus qüvvələrinin Baxmutda bu qədər israrlı olmasında “Vaqner” hərbi təşkilatının da rolu var. Təşkilatın rəhbəri Yevgeni Priqojin Baxmutda uğursuz olacağı təqdirdə, Moskva qarşısındakı siyasi təsiri də azalacaq. Onun Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə münasibətlərində də gərginlik olduğu bildirilir. Şoyqunun strategiyasını tənqid edən Priqojin həm də yetərli silah-sursat olmamasından şikayətçidir. Onların arasında Kremldə nüfuz qazanmaq naminə siyasi yarış gedir ki, bu da Baxmutdakı döyüşlərə təsir göstərir.

Bəs Ukrayna tərəfi üçün Baxmut niyə əhəmiyyətlidir?

Burada birinci strateji məqsəd Baxmutda gedən döyüşlərdə Rus ordusunu zəiflətməkdir. NATO mənbələrinin təxmininə görə, Baxmutda hər 1 ukraynalı qarşılığında 5 rus əsgəri həyatını itirir. Ukrayna Təhlükəsizlik Şurası sədri Aleksey Danilov isə bu nisbətin 1/7-dən çox olduğunu deyib.

Ukrayna bu şəhəri müdafiə etməklə, başqa bölgələrdə mövqe tutmalı olan rus qüvvələrini də Baxmutda saxlamış olur.

Eyni zamanda, Ukraynanın da Rusiya kimi siyasi məqsədləri mövcuddur. Ölkə prezidenti Volodimir Zelenski şəhəri vətəni müdafiənin simvolu halına gətirib. Dekabr ayında Vaşiqton səfəri zamanı Ukrayna lideri şəhəri “müdafiə ruhunun qalası” olaraq adlandırmışdı. O, ABŞ Konqresinə Baxmutdan gətirdiyi bayrağı verərək dedi ki, Baxmut üçün aparılan mübarizə Ukraynanın müstəqillik uğrundakı savaşının istiqamətini dəyişdirəcək.

Bəs Baxmut ələ keçirilərsə nə olar?

Bu zaman ruslar ordudakı əhval-ruhiyyəni düzəltmək üçün uzun müddətdir arzuladıqları zəfəri qazanmış olacaqlar. Ukrayna isə həm siyasi, həm də simvolik bir itki yaşamış olacaq.

Lakin bir çox mütəxəssis Baxmutun işğlanın böyük hərbi effektə səbəb olacağını düşünmür. ABŞ Müdafiə Naziri Lloyd Austin bildirib ki, şəhərin işğalı rusların müharibənin istiqamətini dəyişdirməsi anlamına gəlməyəcək. Keçmiş general olan avstriyalı strategiya mütəxəssisi M. Rayan isə düşünür ki, Rusiya bu bölgədə sürətli irəliləyişə nail ola bilməyəcək.

Mənbə: BBC