“Azərsu” ASC-nin sifarişi ilə Xəzər dənizinin sahilindəki, eləcə də ölkənin digər şəhər və rayonlardakı yaşayış məntəqələrində formalaşan tullantı sularının qüvvədə olan normativlərə uyğun təmizlənərək kənarlaşdırılması istiqamətində layihələr hazırlanıb.

Bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli “Ekspert saatı”nda bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin 54 yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr icra edilir: "Onlardan 30-da, eyni zamanda tullantı su sistemlərinin inşası işləri davam etdirilir. Hazırda 24 yeni təmizləyici qurğunun inşası başa çatdırılıb. Onlardan 20-nin artıq istismara verilməsinə nail olunub. Dörd qurğunun da istismara verilməsi üçün hazırlıq işləri davam etdirilir. Abşeron yarımadasında da bu kimi işlərin aparılması üçün də layihələr var”.