“İkinci Qarabağ müharibəsi veteranıyam. Veteranlığımı sübut edən sənədi hələ almamışam. Dövlət müəssisəsində işləyirəm. Müharibə veteranlarına edilən müvafiq vergi güzəşti indiki halda mənə aid oluna bilərmi?”

İqtisadiyyat.az bildirir ki, həmin şəxsləri maraqlandıran mövzu ətarfında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmaları olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.
Buna əsasən, muzdlu işçilərin müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara vergi güzəşti tətbiq edilir.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.