Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsini azaldıb. Belə ki, bank uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 %-dən 8,5 %-ə endirilib. 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, uçot dərəcəsinin endirilməsi Mərkəzi Bankın inflyasiya təhlükəsi görmədiyindən və əksinə ölkədə iqtisadi aktivliyi canlandırmaq istədiyindən xəbər verir. 

Onun sözlərinə görə, faiz endiriləndə ona uyğun olaraq kredit faizləri də düşməlidir: "Banklar Mərkəzi Bankdan ucuz kredit götürür və digərlərinə kreditlər verirlər. Bu halda pul həcmi də arta bilər. Həmçinin Mərkəzi Bank bu halda inflyasiyanın olmasından qorxmur. Yəni nəzəriyyədə bu, belədir. Amma Azərbaycan təcrübəsində belə deyil. Çünki Mərkəzi Bankdan kredit götürmək elə də asan deyil. Çünki əvvəllər kreditlər hamıya verilmirdi. İndi də bankların çoxu Mərkəzi Bankdan kredit götürə bilmir. Yəni Mərkəzi Bank banklara girovsuz kredit vermir. Əgər kredit götürə bilmirlərsə, faizin enib-qalxması onlar üçün heç nəyi dəyişmir. Mərkəzi Bank girov istəməsinə bir tərəfdən pozitiv yanaşmaq olar, amma digər tərəfdən də Mərkəzi Bank banklara lisenziya verir ki, gedib əhalidən girovsuz əmanət cəlb etsinlər".

"Həm də əsas məqam odur ki, Azərbaycanda qiymətlər daha çox idxal malları ilə həll olunur. Yəni biz malların çoxunu xaricdən gətiririk. Ona görə də Mərkəzi Bankın uçot dərəcəsi qiymətlərə təsir etmir. Bu baxımdan da heç bir dəyişiklik olmayacaq", - ekspert əlavə edib.

Qeyd edək ki, yeni qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar mayın 1-də açıqlanacaq.

Sadiq Cavadov