Dünyanın geosiyasi mənzərəsi iqtisadi əlaqələrə də təsir edir. Vəziyyətin dəyişməsi etibarlı tərəfdaşları önə çıxarır. Azərbaycan da neft və qaz təchizatçısı kimi etibarlılığını sübut etdiyindən Avropa ölkələri elektrik enerjisinin idxalında da Azərbaycana üz tutur. Bunun üçün Azərbaycanın güclü potensialı var. Ölkə təkcə Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı 2036-cı ilədək reallaşdırmaq niyyətindədir. Eyni zamanda hidrogen qarışığının ixracı da nəzərdən keçirilir ki, bunların hər ikisi real imkanlardır. Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması zamanı Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq”.

Azərbaycanın Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin mühüm rol oynaması ilə Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edəcək bu layihə birgə enerji təhlükəsizliyi layihələrinin davamı olmaqla Avropanın təchizat mənbələrini şaxələndirəcək.

Millət vəkili Məlahət İbrahimlinin fikrincə, “Avropanın eyni zamanda Azərbaycanın elektrik enerjisinə çox böyük ehtiyacı var. Hazırda Serbiya Ruminiya Macarıstan Gürcüstan xüsusi elektrik enerjisi üçün Qara dənizin suyun altından keçən xüsusi xəttin çəkilişi ilə bağlı işlər yekunlaşdıqdan sonra Azərbaycan təkcə qaz və yaxud neft deyil , həm də elektrik enerjisi ixrac edəcəkdir. Bu da təbii ki bu gün dünyanın əsas ideologiyası bildiymiz kimi enerjidir, enerji olmadığı ölkədə həyat dayanır”.

Əslində Avropa ölkələri elektrik enerjisi məsələsində etibarlı təminatçı kimi Azərbaycanla əlaqələri həmişə genişləndirmək istəyiblər. Ona görə də elektrik enerjisinin ixracı və tranzitinin artırılması ilə əlaqədar hazırda icra edilən və planlaşdırılan tədbirlər, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi üzrə əməkdaşlığın genişləndirilməsinə imkanları açacaq. Məəslən bir müddət əvvəl Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Qara dənizin dibi ilə Azərbaycandan enerji idxalı barədə demişdi:

“Bu, tamamilə yeni reallıqdır, o zaman bizim enerji bazarımız təkcə hüquqi cəhətdən deyil, fiziki olaraq Avropa bazarına qoşulacaq. 1195 kilometr uzunluğunda 1000 meqavatlıq kabel Rumıniyanı şərqi Balkan sahilləri ilə birləşdirəcək, Cənubi Qafqaz və Avropaya genişlənmiş ixrac imkanlarından yararlanmağa və saatlıq bazar qiymətləri ilə elektrik enerjisini idxal etməyə imkan verəcək”.

 Yəni Azərbaycan kimi tərəfdaşdan gözləntilər  əvvəldən mövcud idi. Aİ-nin Rusiyadan qaz və neft məhsullarının idxalını dayandırmasını nəzərə alsaq, Azərbaycan Rumıniya və Avropa üçün zamanla daha çox əhəmiyyət kəsb edəcək. Bunu eksperlər bildirir. Ruminiyanın tanınmış enerji məsələləri üzrə eksperti Mihai Nikuts deyir ki, “bölgənin elektrik enerjisi istehsalı baxımından sıxıntılarını nəzərə alsaq, Rumıniyada imzalanan Saziş enerji balansını tarazlaşdırmaq üçün bir şansdır. Həmçinin Şərqi Avropada istehsal edilən enerjinin böyük bir hissəsi fosil mənbələrdən gəlir və sonda istifadədən çıxarılmalı olacaq. Buna görə də, bərpaolunan mənbələrdən əldə edilən 1000 MVt gücündə elektrik enerjisinin axını bölgəyə və eyni zamanda, bütün Avropa İttifaqına bu sahədə hədəflərə daha asan çatmağa kömək edəcək”.

Azərbaycanlı ekspert Elşad Məmmədovun fikrincə, “elektrik enerjisinin ixracatı nöqteyi nəzərindən bunun təmin edilməsi mümkündür, perspektivlidir. Məlumdur ki, bütövlükdə Avropada enerji balansında kəskin problemlər yaşanmaqdadır və Azərbaycan enerji tədarükü nöqteyi-nəzərindən sözsüz ki Avropada mövqelərini möhkəmləndirə bilər”.

Azərbaycanın Qara dənizin dibi ilə elektrik enerjisi ixracına gələcəyinə baxdıqda bu, dünyada özünü doğruldan layihələrdən sayılır. Məsələn, İspaniya, Fransa və Portuqaliya Biskay körfəzində dənizin dibindən elektrik xəttinin çəkilməsinə dair razılaşma əldə ediblər və 370 kilometr uzunluğunda sualtı xəttin çəkilməsinin birgə maliyyələşdirilməsi barədə saziş imzalayıblar. Aİ layihənin büdcəsinin təqribən 30 faizini (578 milyon avro) ayırmaqla birlik tarixində energetika layihəsinə yatırılan ən böyük məbləği ayırmış oldu. Bununla da İspaniya və Portuqaliya uzun illərdir öz energetika sistemlərinin təcridinə son qoyacaqlar.

SAMİR CABBAROV