Dünyanın 12 ölkəsi 2030-cu ilə qədər 62 min 300 meqavatlıq nüvə enerjisini istifadəyə verməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Nüvə Assosiasiyasının hesabatında deyilir.

Məlumata görə, hazırda dünyanın 30-dan çox ölkəsində təxminən 440 nüvə reaktoru var. Sözügedən reaktorlar qlobal elektrik ehtiyacının 10 faizini ödəyir.

İlk kommersiya atom elektrik stansiyalarının işə salındığı 1950-ci illərdən bəri ümumilikdə 214 reaktor istismardan çıxarılıb. Bu il Hindistan, ABŞ və Birləşmiş Ərəb Əmirliklərində 3 reaktor elektrik şəbəkəsinə qoşulub, Misir, Çin və Rusiyada isə 3 reaktorun tikintisinə başlanılıb. İlin əvvəlindən Rusiyada 1 reaktor bağlanıb.

Nüvə enerjisinə üstünlük verilməkdə davam edir, çünki o, ekoloji cəhətdən təmiz texnologiya hesab edilir və elektrik enerjisi istehsal gücünə görə digər enerji mənbələrini üstələyir.

Hazırda 12 ölkədə ümumilikdə 56 nüvə reaktoru tikilir. Dünyada tikilməkdə olan nüvə reaktorlarından 11-i 2027-ci ildə, 7-si 2028-ci ildə, 3-ü isə 2029-cu ildə elektrik enerjisi istehsal etməyə başlayacaq.

Hazırda tikilməkdə olan 5 reaktor 2030-cu ildə elektrik şəbəkəsinə qoşulacaq.Dünyada 2024-2030-cu illər arasında istifadəyə veriləcək 56 reaktorun ümumi quraşdırılmış gücü 62 min 300 meqavat olaraq hesablanır.

 

Gözəl Həşimova