Bu aydan etibarən Azərbaycanda vətəndaşların əmanətləri üzrə ödənilən illik faiz gəlirləri vergiyə cəlb olundu. Mərkəzi Bankın da uçot dərəcəsini yüksəltdiyini nəzərə alsaq, banklar kredit faizlərini artıra bilər?

İqtisadiyyat.az məsələ ilə bağlı mütəxəssislərin fikrini öyrənib. Bankçılıq üzrə ekspert Əkrəm Həsənov kredit faizlərində ciddi artımın olacağını ehtimal etmir:

“Azərbaycanda faizlər kifayət qədər yüksəkdir. Vətəndaşlar üçün bu 20%-dən yuxarıdır, biznes kreditləri bəzən daha aşağı faizlə verilir. Bu baxımdan kredit faizlərinin artması üçün elə də ciddi zərurət yoxdur. Lakin son zamanlar bəzi obyektiv əsaslar yaranıb. Mərkəzi Bank uçot dərəcəsini getdikcə artırır. Banklar krediti Mərkəzi Bankdan daha baha alırsa, deməli vətəndaşlara da baha verəcək. 

 

Digər tərəfdən, Mərkəzi Bank bu ilin əvvəlində məcburi ehtiyat normasını 4%-dən 5%-ə qaldırdı. Məcburi ehtiyat norması bankların vətəndaşlardan cəlb etdiyi əmanətlərin müəyyən hissəsini Mərkəzi Bankda saxlamaq tələbidir. Təsəvvür edin, bank sahibkardan müəyyən məbləğ cəlb edir və onun 5%-ni Mərkəzi Bankda saxlamalıdır. Yəni kredit verə bilmir. Burada 1% banklar üçün itki olur. Ola bilər buna görə kredit faizləri artsın”.

Ekspert deyir ki, artıq banklar tərəfindən vətəndaşa ödənilən faiz məbləğindən 10% vergi tutulur. Buna qədər olan 7 il ərzində isə faiz tutulmurdu, güzəşt tətbiq olunurdu. Bu da kredit faizlərinin artımına səbəb ola bilər:
 
“Amma mən düşünürəm ki, böyük banklar kredit faizlərini artırmayacaq. Kiçik və orta miqyaslı banklar faizi artıra bilər, bu zaman da onlardan kredit götürən olmayacaq”.

Məsələ ilə bağlı saytımıza danışan iqtisadçı-ekspert Xalid Kərimli isə Azərbaycanda kredit faizlərinin yüksək olma səbəblərini açıqlayıb:

“Azərbaycanda bankların faiz dərəcələrinin yüksək olmasının səbəbi pulun dəyərinin yüksək olmasıdır. Buna da səbəb ölkə iqtisadiyyatının riskli vəziyyətidir. Məlum proses ölkəmizin yerləşdiyi coğrafi mövqedən, neftdən, qazdan, əmtəədən asılılıqla əlaqədardır.
Bu vəziyyətdə heç kim öz pulunu banka 2-3%-lə qoymaq istəməz. Əgər hamı aşağı faizlə pul qoysa, onda manata olan təlabat artacaq, insanlar manatla borclanıb dollar alacaqlar. Bu səbəblərdən manat həmişə baha olacaq. Bazarda rəqabətin olmaması, kiçik bankların çoxluq, böyük bankların azlıq təşkil etməsi, inhisarçılıq və s. kimi səbəblər də mövcuddur.”

 

 

Xalid Kərimli deyir ki, Mərkəzi Bank 2021-ci ilin sentyabrından faizləri artırır və 2 ildir ki, bu proses gedir. Qarşıdakı aylarda da davam edəcək. Buna da səbəb inflyasiyadır. Belə olduğuna görə, gözləniləndir ki, kommersiya kreditlərinin də faizləri artacaq. Bir sözlə, bankların kifayət qədər pul kütləsinin olması və manata etibar ciddi artımları arxa plana salır.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az