Trans Adriatik Boru Kəməri (TAP) konsorsiumu kəmərin genişləndirilməsi üzrə bazar testinin icbari mərhələsinə start verib.

İcbari mərhələyə TAP, İtaliya ötürücü sistem operatoru "Snam Rete Gas"və Yunanıstanın DESFA şirkətlərinin layihə təklifinin Yunanıstan, Albaniya və İtaliyanın milli tənzimləyici orqanları tərəfindən 2021-ci ilin may ayında təsdiqlənməsindən sonra başlanılıb.

Məlumata görə, hazırda TAP konsorsiumu üç genişləndirmə ssenarisi təklif edir: məhdud genişləndirmə (təqribən 14,4 mlrd. kubmetrədək), qismən genişləndirmə (təqribən 17,1 kubmetrədək) və tam genişləndirmə (20 mlrd. kubmetrədək).

Qeyd edilir ki, iddiaçılar təkliflərini 17-20 iyul 2021-ci il tarixlərinədək təqdim edə biləcək.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.