Rejissor Ceyms Kemeron “Avatar” filminin üçüncü hissəsinin təfərrüatlarını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə Fransanın “20 Minutes” telekanalına müsahibəsində bildirib.

Cameron, qarşıdan gələn filmdə hamıdan fərqli bir Navi qəbiləsini nümayiş etdirəcəyini açıqlayıb:

“İlk filmlərdə çox mənfi insan nümunələri və Navi ilə bağlı çox müsbət nümunələr var. Avatar 3-də biz bunun əksini edəcəyik”.

Üçüncü hissədə Kemeron tamaşaçıların əvvəllər görmədiyi Pandora mədəniyyətlərini, o cümlədən “döyüşkən atəş tayfasını” göstərəcəyini vəd edib.

Rejissorun sözlərinə görə, növbəti filmlər ən yaxşı filmlər olacaq:

“Biz əsas personajların hekayəsini davam etdirərək yeni dünyaları kəşf edəcəyik. Deyə bilərəm ki, son hissələr ən yaxşısı olacaq. Qalanları giriş, bir növ əsas kurs üçün süfrə hazırlığı idi”, - deyə o vurğulayıb.

Qeyd edək ki, rejissorun filmlərindən ikisi tarixin ən çox gəlir gətirən ilk 5 filmində yer alır - "Avatar" və "Titanik".