Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu gün 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 

O, çox gənc yaşlarından "xalq teatrları"nda, eləcə də 1950-ci ilin sonlarından dram dərnəklərində aktyor kimi çıxış edib, bir çox obrazlar yaradıb. Aktyor 1965-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsinə daxil olub, 1969-cu ildə oranı bitirib. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunub və həmin tarixdən etibarən fasiləsiz olaraq bu teatrda çalışıb.

Rahib Əliyev 18 sentyabr 1968-ci ildən rəsmi olaraq öz aktyorluq karyerasına başlayıb. O, 1974-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub.

Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaradıb. Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.