Məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun Azərbaycanda heykəlinin ucaldılacağı parkda təmir işləri yekunlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, onun abidəsinin qoyulacağı Şəmkir şəhərindəki Xəqani İbrahimli adına parkda cari təmir və abadlıq işləri başa çatıb və istirahət mərkəzinə müasir üslubda xüsusi dizayn verilib. 

Parkın elektrik sistemi tamamilə yenilənib, onun idarə olunması üçün müvafiq avadanlıqlar, yeni və müasir standartlara uyğun lampalar quraşdırılıb, işıq dirəkləri rənglənib. Parkın ərazisindəki fəvvarə təmir olunub, yeni tullantı qutuları qoyulub, skamyalar yenilənib, aqlay üzlüklərin cilalanması, o cümlədən sıradan çıxmış üzlüklərin dəyişdirilməsi və digər işlər icra olunub.

Parkda Mədəniyyət Nazirliyi tərəfindən məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun heykəlinin qoyulması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Fərman Salmanov 1931-ci ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. O, 1961-ci ildə Megion yatağını kəşf edib.

Alim ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edib, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak edib. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsinə - "Qlavtumengeologiyaya" rəhbərlik edib.

1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləyib.

F.Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olub. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilib.

2007-ci ildə Rusiyada vəfat edib. 

2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.