"Səsgücləndirici ilə deyirdilər ki, sizə bir saat vaxt verilir, kəndi tərk edin. Vaqif və onun dəstəsinin insanları diri-diri yandırmalarının canlı şahidi olmuşam".

İqtisadiyyat.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Məhəmməd Zeynalov deyib.

Zərərçəkmiş təqsirləndirilən şəxsi tanıdığını, Vaqif və onun dəstəsinin insanları diri-diri yandırmalarının canlı şahidi olduğunu bildirib: "Xaçatryan bizim evdə nə qədər çörək kəsib. Kəndə hücumun təşkilatçılarından biri də Xaçatryan və onun dəstəsi idi. Həmin gün kənddə idim. Meyitlərin və yaralıların təxliyəsində iştirak etmişəm. Kəndi mühasirəyə almışdılar".