Kiyev hökumətinin Ukraynadakı münaqişəyə son qoyması üçün onun silahlı qüvvələri ölkənin beynəlxalq səviyyədə tanınan sərhədlərinə qayıtmalıdır. Yalnız bundan sonra rəsmi Kiyev danışıqlara hazır olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İspaniyanın baş naziri Pedro Sançeslə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Fevralın 24-də müharibə başladığı zaman mövcud sərhədlər bizim sərhədlərimiz deyildi, bu, cəbhə xətti idi. Beləliklə, biz bir daha vurğulayırıq: öz sərhədlərimizdə, beynəlxalq hüquqa uyğun olaraq real sərhədlərimizə qayıtdığımız zaman Ukrayna hansısa diplomatiya formatına hazır olacaq”, - Ukrayna lideri deyib.

Zelenski ölkənin çox arzulanan NATO üzvlüyü məsələsini də gündəmə gətirib. O, hesab edir ki, blokun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammiti zamanı alyansın ölkəni üzvlüyə dəvət etməsi üçün bütün əsaslar var. O, bu kontekstdə aydın siqnal gözlədiyini bildirib.