Parisdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) mənzil-qərargahında ABŞ bayrağının təntənəli qaldırılması mərasimi keçirilib. 

İqtisadiyyat.az bu barədə “The Associated Press”ə istinadən bildirir.

Birləşmiş Ştatlar beş illik fasilədən sonra iyulun əvvəlində təşkilata rəsmən qayıtdığını və YUNESKO-nun 194-cü üzvü olduğunu bildirib. Bayraq qaldırma mərasimində YUNESKO-nun baş direktoru Odri Azule, ABŞ prezidentinin həyat yoldaşı Cil Bayden və Fransa prezidentinin xanımı Bricit Makron iştirak ediblər. 

Vaşinqton 2011-ci ildə Fələstinin təşkilata üzv olması səbəbindən Obama administrasiyası dövründə YUNESKO-nun maliyyələşdirilməsini dayandırmaq qərarına gəlib. Tramp administrasiyası 2017-ci ildə ABŞ-ın YUNESKO-dan çıxdığını elan edib. 

Qərar 31 dekabr 2018-ci il tarixindən qüvvəyə minib. Bu, “YUNESKO-ya artan borc, təşkilatın əsaslı islahatına ehtiyac və onun davam edən anti-İsrail siyasəti” ilə əlaqələndirilib.