“Yelo Bank”ın rəhbərliyi 2023-cü ildə 6 milyon 580 min manat gəlir əldə edib. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu da 2022-ci ilə nisbətən 15,2% və ya 868 min manat çoxdur. 

Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 5 milyon 712 min manat təşkil edib. Bu məbləğə bankın İdarə Heyəti və Müşahidə Şurasının üzvlərinin nağd gəlirləri daxildir.

Hazırda bankın Müşahidə Şurasında 3, İdarə Heyətində isə 5 nəfər təmsil olunur. Bu isə o deməkdir ki, bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta aylıq gəliri 68,5 min manat, orta illik gəliri isə 822,5 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm müvafiq olaraq 59,5 min və 714 min manat olub.

Qeyd edək ki, “Yelo Bank”ın Müşahidə Şurasının sədri Marina Kulişova, üzvləri Endryu Pospielovski və Tomas Enqelharddır. Bankın İdarə Heyətinin sədri Anar Həsənov, sədr müavinləri - Emil Duşdurov, Günay Cəlilova və Elşən Pirmalıyev, İdarə Heyətinin üzvü isə Səbuhi Süleymanlıdır.

Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır.