Enerji ehtiyacının 90 faizindən çoxunu Yaxın Şərqdən idxalla qarşılayan Yaponiya enerji təchizatı zəncirində və investisiyalarında sabitlik axtarır. Yaponiyanın baş naziri Kişida Fumio Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərdə “enerji ehtiyatları diplomatiyası” aparacaq.

İqtisadiyyat.az xəbər verir ki, yapon liderin Səudiyyə Ərəbistanı, BƏƏ və Qətəri əhatə edən Yaxın Şərq turu başlayıb. 

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək Kişida enerji texnologiyaları sahəsində əməkdaşlığın artırılmasını müzakirə edəcək.

Kişidanın səfəri zamanı Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Yaponiya arasında xarici işlər nazirlərinin danışıqlarının keçirilməsini təklif edəcəyi gözlənilir.

Yaponiyanın baş naziri, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə ekoloji təmiz investisiyaları müzakirə edəcək.

Kişida Qətər əmiri Şeyx Təmim bin Hamed Al Tani ilə görüşü zamanı Yaponiyaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündə sabitliyin qorunmasına çalışacaq.

Paytaxt Tokiodan yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verən Kişida səfər edəcəyi üç ölkəni "Yaponiyanın enerji təhlükəsizliyi üçün çox vacib" adlandırıb.

Qeyd edək ki, Yaponiyadan Yaxın Şərqə son baş nazir səviyyəsində səfər 2020-ci ilin yanvarında Abe Şinzo tərəfindən Səudiyyə Ərəbistanı, BƏƏ və Omana olub.