“Windows 11” quraşdırılması zamanı əməliyyat sisteminin faylları açılarkən gözləmə müddətində darıxmamaq üçün nəzərdə tutulmuş gizli mini-oyun, “Surf the waves” oyunu aşkar edilib.

İqtisadiyyat.az bildirir ki, “The Verge” saytının redaktoru Tom Uorren yeni “Surface Laptop Studio 2″nin ilkin quraşdırılması zamanı “pasxa yumurtası” (virtual) aşkar edib. Kompüteri işə saldıqdan sonra “Windows 11” yenilənməyə başlayıb və “Surf the waves” mini-oyununu oynamaq təklif edilib.

“Surf the waves” yuxarıdan aşağıya görüntü ilə piksel arkada oyunudur. Bu oyunda suda olan maneələrlə toqquşmamaq üçün sörfçünü idarə etmək lazımdır.

“”Surf the waves” hələ 1991-ci ildə “Windows” üçün buraxılmış “Microsoft Entertainment Pack 3″dən olan “SkiFree” arkadasına bənzəyir”, – deyə Uorren yazıb.

Jurnalist həmçinin qeyd edib ki, “Surf the waves” ilk dəfə 2020-ci ildə “Edge” brauzerində çıxıb.

Uorrenin sözlərinə görə, “Windows 11” quraşdırıcısı tərəfindən “Surf the waves” oyunu sizə yalnız uzun müddət tələb edən böyük bir yenilənmə getdikdə fayllar açılarkən təklif edilir.