“Vahid müqavilə formasının tətbiqi nəticəsində alıcı qismində çıxış edən şəxslər tərəfindən aldadıqları barədə dövlət qurumlarına edilən şikayətlərin sayı kəskin azalacaq”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri tikinti subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahisələrin mediasiya vasitəsilə həllinə dair keçirilən mətbuat konfransında çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib.

Vahid müqavilə formasının mümkün təsirlərinə toxunan deputata görə, bu müqavilələrin notarial qaydada təsdiq edilməsi imkanı mövcud olacaq. Bu isə bir sahənin bir neçə şəxsə satılması kimi illərdir mövcud olan problemi aradan qaldıracaq:

“Keyfiyyətli xidmət göstərmək əvəzinə alıcıları aldatmaq məqsədləri olan tikinti sektorunun subyektləri tərəfindən vahid müqavilə formasının tətbiq edilməməsi cəmiyyətdə inamsızlıq yaratmaqla onların sıradan çıxmasına və etibarlı şirkətlərin fəaliyyətinə müsbət təsir göstərəcək. 

Vahid müqavilə formasının tətbiqindən sonra bu tip müqavilələr üzrə vahid məhkəmə təcrübəsi formalaşacaq, işlərə baxıl müddəti qısalacaq və eyni xarakterli işlər üzrə müxtəlif qərarların qəbul edilməsi problemi aradan qalxacaq. Vahid müqavilə formasının tətbiqi nəticəsində mübahisələrə məhkəmədən öncə mediasiya prosesində baxılması imkanı yaranmış olacaq. Həmçinin gələcəkdə həmin sahələrə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması prosesi sadələşəcək”.

Zahid Oruc bildirib ki, vahid müqavilə formasının tətbiq edilməsi məsələsi hazırda təcrübədə mövcuddur. Belə ki, əmək münasibətləri sahəsində əmək müqaviləsinin nümunəvi formasında, kredit və sığorta münasibətləri sahələtində vahid müqavilədən istifadə olunur”.

Qeyd edək ki, konfrans Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi, Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Gülşən Şərif