Ukrayna hökuməti Ali Radaya (parlamentə) insan, orqan və insan toxumalarının alverinə qarşı mübarizə üzrə MDB sazişindən çıxmaq haqqında qanun layihəsi təqdim edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna parlamentində hökumət nümayəndəsi olan Taras Melniçuk bildirib.

"Ukraynanın Nazirlər Kabineti qanunvericilik hakimiyyətinin subyekti kimi "Müstəqil Dövlətlər Birliyi çərçivəsində imzalanmış bəzi beynəlxalq müqavilələrdən çıxmaq haqqında" qanun layihəsini Ali Radada təqdim edib. Qanun layihəsi 2005-ci il noyabrın 25-də Moskvada imzalanmış insan, orqan və insan toxumalarının alverinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında MDB sazişindən çıxmağı nəzərdə tutur”, - o, bazar ertəsi "Telegram" kanalında bildirib.

Melniçukun sözlərinə görə, qanun layihəsində Ukraynanın MDB-nin avtonəqliyyat vasitələrinin oğurluğu ilə mübarizə və onların qaytarılması üzrə əməkdaşlıq sazişindən çıxması da nəzərdə tutulur.