Ucar rayonunda taxıl biçini sürətlə davam edir. Artıq zəmilərin 73,3 faizi biçilib, 5 icra nümayəndəliyində isə biçin tam başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, cari mövsümdə 17 min 287 hektarda taxıl yetişdirilib. Zəmilərin 4608 hektarı buğda, 12997 hektarı arpadır. Arpa sahələrinin 10787 hektarı, buğda sahələrinin isə 1892 hektarı olmaqla, 12 min 619 hektar sahə biçilib. Qaradeyin, Ağzıbir, Eymur, Şordəhnə və Abad ərazi icra nümayəndəliklərində biçin yekunlaşıb.

Hazırda hər gün sahələrə 45-dək kombayn çıxarılır. Taxılçılar yetişdirdikləri məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər. Hələlik hər hektardan orta məhsuldarlıq 26 sentnerdir ki, bu da ötən ildəki göstəricidən 2,5 sentner çoxdur.