Türkmənistan və Mərkəzi Asiya ölkələrində qaz hasilatı ilə bağlı vəziyyət dəyişib. Rusiyadan yan keçməklə Türkmənistandan Avropaya qaz nəqli üçün yol və ya Rusiya Federasiyasından keçən marşrutlara əlavə yol axtaran potensial alıcılar üçün xəzəryanı ölkələrin Xəzərin statusu ilə bağlı razılığa gəlməsi xoş hadisə olub. “Jeen” Avrasiya Ekspertlər Şəbəkəsinin koordinatoru Natalya Xaritonova qeyd edir ki, bu halda Türkmənistan Rusiya və İranın razılığını almadan öz akvatoriyasından boru kəməri sala bilər. Xaritonova davamında bildirir ki, indiki vəziyyətin AB üçün ikinci müsbət tərəfi TAP və mərkəzi Türkiyədə yerləşən, artıq mövcud olan TANAP qolunun tezliklə operativ rejimə salınmasıdır.

“2000-ci illərdə türkmən yataqlarının birgə işlənməsi, Çinə boru kəmərlərinin inşası və böyük həcmdə qazın əldə edilməsi ilə bağlı Pekinin təqdim etdiyi imkanlardan Türkmənistan hökumətinin ağılsız sevinci Aşqabadı tələyə salıb. İndi o, Çinin kreditlərini öz qazı ilə ödəyir. İnsayderlər iddia edir ki, hökumət bundan nə pul görür, nə də daha çox həcmdə qazı azad bazara çıxarmağa şansı qalır. Bəli, Çin respublikada qaz kəməri sistemini bir qədər təkmilləşdirib. Ancaq yumşaq şəkildə desək, korrupsiyanı azaltmayıb və hökuməti xarici tərəfdaşlarla işgüzar əlaqələri normallaşdırmağa həvəsləndirməyib”, - rusiyalı ekspert sayta açıqlmasında indiki vəziyyəti belə şərh edir.

“Təkcə Türkmənistanı qeyd etməzdim, böyük qaz ehtiyatına malik Özbəkistanın da adını çəkərdim. Özbəkistanda xarici investisiya məsələsini tənzimləmək və ümumiyyətlə birgə biznes üçün şərait çox çətin iş olub, amma son iki ildə yeni hökumətin modernləşmə sahəsində etdikləri, əlbəttə, alman şirkətlərində Özbəkistana, onun neft və qazına maraq oyadır”, - Berlində yerləşən “Pflüger international” konsaltinq şirkətinin “Enerji və xam mal” şöbəsinin rəhbəri Araş Duero (Arash Duero) bildirir.

Öz növbəsində Natalya Xaritonova başqa aspektə diqqət çəkir. Onun sözlərinə görə, hazırda Özbəkistan investor cəlb etməyin yollarını axtarır, “Uzbekneftqaz” şirkətinin isə kifayət qədər çoxlu xarici tərəfdaşı var.

Ekspert proqnozunda qeyd edir ki, borca girən və onları ödəməyə tələsməyən “Uzbekneftqaz” xarici oyunçulardan asılılığını artırır: “Yeri gəlmişkən, Çinin dövlət şirkəti “CPTDC” bu yaxınlarda şirkətin valyuta çatışmazlığını əsas gətirərək uzun illərdir ödəmədiyi 16 milyon dolları geri qaytarmasına yardım etməsi üçün Özbəkistan prezidentin kömək istəyib. Bu gün Avropa bazarına qaz tədarükündə türkmənlərlə müqayisədə özbəklərin əhəmiyyətli üstünlükləri var”.

Araş Duero hesab edir ki, əsas məsələ uzunmüddətli investisiyalar üçün uyğun gələn çərçivə şərtlərinin yaradılması üzrə hərəkət görməkdir: “Təəssüf ki, Türkmənistanda bu proses kifayət qədər inandırıcı görünmür və bu ciddi maneədir. Özbəkistanı isə perspektivdə işləməyə məsləhət görmək olar. İxracatçı üçün kreditlərin diverfikasiyası lazımdır”.

Dueronun sözlərinə görə, ÇXR, “Qazprom” və ya “Lukoyl”-dan sürətli maliyyələşmə təklifləri çox cəlbedici səslənə bilər və Daşkənddə deyəcəklər ki, “bir halda ki başqaları bura gəlməyə tələsmir, biz veriləni götürəcəyik”.

“Ancaq Daşkənd uzunmüddətli perspektivi əsas götürərək, başqa mənbələr tapmağa çalışmalı və öz oyunu üçün meydanı məhdudlaşdırmamalıdır. Məsələn, BVF, Dünya Bankı, Avropa banklarını cəlb etməlidir. Avropalılar üçün biznes şəraiti yaxşılaşdırılmalıdır, onda pullar özü gələcək. İlk növbədə Özbəkistanda islahat fonunda investorların eksproprkasiyadan müdafiəsi üzrə etibarlı mexanizmlər meydana çıxmalıdır”, - Araş Duero fikrinə belə yekun vurub.