Türkiyənin Sakarya bölgəsində terror təşkilatı İŞİD-ə qarşı eyni vaxtda həyata keçirilən "Bozdoğan-11" əməliyyatlarında 33 şübhəli ələ keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında açıqlama yayıb. 

O, terrorçu hərəkətlərə dözməyəcəklərini və terrorla mübarizənin fasiləsiz davam etdiriləcəyini vurğulayıb.

Yerlikaya qeyd edib ki, Sakarya Bölgə Təhlükəsizlik Müdirliyinin TEM Şöbəsi tərəfindən həyata keçirilən addımlar və Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyası ilə "Bozdoğan-11" əməliyyatı təşkil edilib.

Əməliyyatlar zamanı 33 şübhəlinin tutulduğunu ifadə edən Yerlikaya, şübhəlilərin yerli seçkilər öncəsi hərəkətə keçməyə hazırlaşdığı, kəşfiyyat apardıqları, münaqişə bölgələrinə kadr tədarük etdikləri, terrorun maliyyələşdirilməsini həyata keçirdiklərini bildirib.

Yerlikaya əməliyyatlar nəticəsində 4 sənədsiz tapança, 2 sənədsiz tüfəng, külli miqdarda xarici valyuta, müxtəlif yaşayış materialları və çox sayda qadağan olunmuş nəşrlər və sənədlərin ələ keçirildiyini vurğulayıb.