Prezident Rəcəb Tayyib Ərdoğan iş dünyası ilə birlikdə Körfəz turuna çıxıb. Dohada Qətərli sərmayəçilərlə görüşən türkiyəli iş adamları, bu ölkəyə yatırılacaq yeni investisiyaları dəyərləndirib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən dəyərləndirmələrdə Türkiyədən 200 iş adamı iştirak edib.

Proqramlar Türkiyə Xarici Əlaqələr İqtisadi Şurası (DEİK) tərəfindən Dohada təşkil olunub. Qətərli iş adamları ilə görüşlər keçirilib, investisiya imkanları dəyərləndirilib.

Əsas diqqətin qarşılıqlı sərmayələri artırmaq olduğunu vurğulayan Türkiyə-Qətər İş Şurasının sədri Başar Arıoğlu deyib: "Qida sahəsində və səhiyyə sahəsinə investisiyalarımız var. İndi sənaye bazası olaraq Qətərə investisiyalar edilir. Qətər türk investorları üçün zona imkanları çox yaxşı təmin edir".

Qeyd edilib ki, Qətərli iş adamları Türkiyədə əsasən daşınmaz əmlak və maliyyə sektorlarına sərmayə qoyurlar.

Danışıqların iki ölkənin ticarətinə və investorlarına müsbət töhfə verəcəyi gözlənilir.