Türkiyənin Diyarbəkir vilayətində yaşayan Şeyhmus Çayhan, yeni mobil telefon qazandığını xəbər verən mesajdan sonra 99 lirə ödəyərək öz adına göndərilən qutunu təhvil alıb. İqtisadiyyat.az türk mediasına istinadla bildirir ki, ancaq “bəxtəvər insan” uduş paketini açdıqda çaş-baş qalıb. Türkiyəli vətəndaş, onu heyrətə gətirən fırıldaq telefon mesajının kimisə aldatmaması üçün abunəçiləri diqqətli olmağa çağırıb.

Belə ki, Diyarbəkir sakini Şeyhmus Çayhanın telefonuna “ qazanmış olduğunuz telefon poçt idarəsinə təslim edilib. 99 lirə ödəyərək ala bilərsiniz” mesajı gəlib. Mesaj gələn ünvana geri zəng edən Çayhanın danışdığı adam, çəkilişlə ona cib telefonu hədiyyə edildiyini, hədiyyəni götürməli olduğunu, əks təqdirdə icraya veriləcəyi, 500 lirə və vəkil xərclərini də ödyəcəyini bildirib.

Bundan sonra yaxınlıqda olan poçta üz tutan Çayhan, 99 lirə verərək qutunu əldə edib.  Paketi açıb içərisində bir butulka su və bitki toxumu görən Çayhan, aldadıldığını başa düşüb. Həmin nömrəyə yenidən zəng vursa da ona cavab verilməyib.