"Tehranın yanğınsöndürmə və təhlükəsizlik xidmətinin nümayəndəsi Seyid Cəlal Maliki Tehranda köhnə ikimərtəbəli yaşayış binasında baş vermiş partlayış və dağıntılar barədə məlumat verərək, hadisə nəticəsində 9 nəfərin yaralandığını, bir nəfərin öldüyünü qeyd edib".

"Operativ Media" xəbər verir ki, bu barədə ISNA məlumat verib.

Malikinin sözlərinə görə, bu gün günorta radələrində köhnə ikimərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub, bundan sonra yanğınsöndürənlər lazımi avadanlıqlarla hadisə yerinə gedib. O qeyd edib ki, partlayış Tehran bazarının cənub hissəsində, Rey küçəsində baş verib.

Yanğınsöndürmə idarəsinin nümayəndəsi partlayışın köhnə ikimərtəbəli yaşayış binasında baş verdiyini, evin və ona bitişik yaşayış binasının bir hissəsinin dağıldığını bildirib.

"Hazırda dağıntılar altında ola biləcək şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır", - o əlavə edib.