"Ukraynanın gələcəyi NATO-dadır və bu, danışıqlara açıq məsələ deyil".

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan deyib.

Sullivan ABC News televiziyasının "This Week" proqramının qonağı olub. ABŞ-nin Rusiyaya qarşı Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayan Sullivan, Amerika xalqının Ukraynaya dəstək verməyə davam edəcəyini söyləyib.

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışan diplomat qeyd edib: "Ukraynanın gələcəyi NATO-dadır. Nöqtə. Bunun üçün danışıqlara ehtiyac yoxdur. Nə vaxtsa bu baş verəcək".

Hazırda üzvlüyün mümkün olmadığına diqqət çəkən Sullivan bildirib: "Birincisi, müharibə hələ də davam edərkən, Ukraynanın NATO-ya daxil olması NATO-nun Rusiya ilə müharibəyə girməsi deməkdir. Bu, həm də ABŞ-nin Rusiya ilə müharibəyə girməsi deməkdir. Nə NATO, nə də ABŞ buna hazırdır”.

Digər tərəfdən, NATO üzvlüyünə namizəd olan hər bir ölkənin müəyyən demokratik islahatlar aparmalı olduğuna diqqət çəkən Sullivan, Ukraynanın ciddi irəliləyiş əldə etdiyini, lakin daha çox islahatlara ehtiyacı olduğunu bildirib.