NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Ukraynanın ağ bayraqlara deyil, silah təchizatına ehtiyacı var və o, Papanın son bəyanatı ilə razılaşmır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə baş katib "Reuters" agentliyinə müsahibəsində bildirib.

"Danışıqlarda sülh və davamlı həllin əldə olunmasını istəyiriksə, o zaman Ukraynaya hərbi dəstək verməliyik. Danışıqlar masasında baş verənlər döyüş meydanında sabitliklə ayrılmaz şəkildə bağlıdır", - deyə siyasətçi bildirib.

İndi ağ bayraq haqqında danışmağın yersiz olduğunu ifadə edib-etməməsi ilə bağlı suala Stoltenberq deyib: "İndi ukraynalıların təslim olması barədə danışmağın vaxtı deyil". 

O əlavə edib ki, belə bir vəziyyət "ukraynalılar üçün faciə" olacaq və "hamımız üçün təhlükəli olacaq".

Roma Papası Fransisk martın 9-da RSI televiziya və radio şirkətinə müsahibəsində beynəlxalq vasitəçilərin iştirakı ilə Ukrayna ilə bağlı danışıqlar prosesinin başlanmasına çağırıb. O, Ukraynanın "ağ bayaq" qaldırmalı olduğunu da qeyd edib.